Portuqaliya Premyer Liqasının 12-ci turunun “Santa-Klara” ilə ev oyunu Lissabon “Sportinq”i üçün uğursuzluqla əlamətdar olub.
Arena.az xəbər verir ki, “Sportinq” 2024/2025-ci illər mövsümünün Portuqaliya çempionatında ilk məğlubiyyətini alıb – 0:1.
Bu həm də ona görə diqqət çəkir ki, bu, Lissabon klubunun cari mövsümdə milli çempionatda ilk xal itkisidir. Bundan başqa, “Sportinq” baş məşqçi, portuqal mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”ə getməsindən sonra milli çempionatın ilk oyununda məğlub olub.
“Şirlər”ə hazırda portuqal mütəxəssis Joao Pereyra başçılıq edir. Pereyranın rəhbərliyi altında “şirlər” çempionatda, Çempionlar Liqasında və Portuqaliya Kubokunda 3 oyun keçiriblər, 2 məğlubiyyət yaşayıblar.
12 turdan sonra 33 xal toplamış “Sportinq” Portuqaliya Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.



