Portuqaliya nəhənglərindən olan “Sportinq” meşə yanğınlarında evi yanmış 82 yaşlı Mariya Elvira adlı azarkeşinə yardım edib.
Arena.az məlumat verir ki, Lissabon təmsilçisinin qızğın azarkeşi olan Mariya Elviranın hekayəsi RTP teleşirkətinin süjetində danışılıb.
Alberqariya-a-Velya bölgəsindən olan qadın yanğından xilas olub və əşyalarından yalnız bir neçəsini alovun cəngindən qurtara bilib. Əşyaların demək olar ki, hamısı “Sportinq” futbol klubu ilə bağlı olub.
Bu əhvalatdan xəbər tutmuş “şirlər”in pərəstişkarları Mariya Elviraya yeni ev almaq məqsədilə pul toplamaq üçün xüsusi fond yaradıblar. Azarkeşlər birlikdə 14538 avro məbləğində pul toplaya biliblər.
Daha sonra Lissabon klubunun rəhbərliyi də bu hekayəyə qarışıb. Rəhbərlik Mariya Elvira üçün komanda və klub prezidenti ilə görüş təşkil edib və xatirə olaraq xüsusi köynək hazırlayıb. Qadına xüsusi şəxslər üçün nəzərdə tutulmuş VIP-kürsüdə yer verilib və oyun başlamazdan əvvəl komandanın baş məşqçisi Ruben Amorim şəxsən Mariya Elviraya yanaşaraq kluba sədaqətinə görə təşəkkürünü bildirib. Daha sonra klub və komanda üzvləri sadiq azarkeşi ilə fotoşəkillər çəkdiriblər.