Keçmiş ingilis hücumçu Daniel Starric “Liverpul”un cari mövsümün sonunda İngiltərə Premyer Liqasının qalibi olmaq imkanını qiymətləndirib.
Arena.az xəbər verir ki, hazırda futbol mütəxəssisi olaraq çalışan ingilis təhlilçi bunları söyləyib:
“İndi “Liverpul”un yolunu azdığını təsəvvür etmək mənim üçün çətindir. Mən “Liverpul”u Premyer Liqanı qazana biləcək komandalar arasından fərqləndirib seçəcəyəm, çünki onlar əla futbol oynayırlar”, deyə Starric vurğulayıb.
Starricin komandanın indiki baş məşqçisi Arne Slot haqqında fikirləri də maraq doğurur:
“Hər kəs Yurgen Klopun meydanda və meydandan kənarda nə qədər tələbkar olduğunu bilir. İndi, düşünürəm ki, “Liverpul” oyunçuları daha rahatdırlar. Futbolçularda baş məşqçi Arne Slota və onun şəxsiyyətinə inam yaranır”.
Yeri gəlmişkən, “Mançester Siti”nin keçmiş müdafiəçisi, hazırda futbol mütəxəssisi olaraq çalışan Mayka Riçards da hesab edir ki, “Liverpul” 2024/2025-ci illər mövsümünün sonunda İngiltərə Premyer Liqasını qazana bilər:
“Şübhə yoxdur ki, “Liverpul” hazırda çempionluğa iddialılardan biridir. İnanıram ki, onların bu mövsüm bütün yolu keçmək üçün böyük imkanı var”, deyə Riçards vurğulayıb.
“Liverpul”un keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi olaraq çalışan Ceymi Karrager də “qırmızılar”ın baş məşqçisi Arne Slot haqda danışıb:
“O, Klopp qədər duyğusal deyil, amma bu gün oyuna (“Liverpul”un Premyer Liqa çərçivəsində “Çelsi”yə 2:1 hesabıyla qalib gəldiyi oyunu nəzərdə tutur – redaktorun qeydi) duyğusal olaraq qarışmışdı. Arne fərqli məşqçidir. Başqası olmağa çalışmır, özü olaraq qalır”, deyə Karrager vurğulayıb.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın cari mövsümündə 8 turdan sonra 21 xalla vahid liderdir. Komanda 7 oyunda qalib gəldiyi halda cəmi 1 matçda uduzub.


