Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, “Sabah”ın legioner qapıçısı 36 nəfərlik heyətdə yer alıb.
Qazaxıstan millisi iyunun 5-də Belarusla yoxlama oyununda qüvvəsini sınayacaq. Qazaxlar 4 gün sonra DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə üz-üzə gələcəklər.
“Sabah” Stas Pokatilovu bu ilin yanvarında heyətinə qatıb. Son olaraq Qazaxıstanın “Tobol” klubunun formasını geyinmiş Pokatilov “Sabah”a azad agent kimi qoşulub. Tərəflər mövsümün sonuna kimi anlaşıblar. Amma paytaxt klubu qazax qolkiperin çıxışından razı qalsa, bu yay onunla yeni müqavilə imzalanacaq. Pokatilov “Sabah”da 17 oyuna çıxıb, 19 qol buraxıb, 3 görüşdə qapısını toxunulmaz saxlayıb.
Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
Pokatilov “Tobol”la Qazaxıstan Super Kubokunu (2023/2024) qazanıb, “Kayrat”la Qazaxıstan çempionu (2019/2020) çempionu olub. Stasın ən çox qalibi olduğu turnir isə Qazaxıstan Kubokudur. O, Karaqanda “Şaxtyor”u ilə bir (2012/2013), “Kayrat”la üç dəfə (2016/2017, 2017/2018, 2020/2021) dəfə ölkə kubokuna sahib çıxıb.
2015-ci ilin mart ayından Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib. O, bu görüşlərdə 54 qol buraxıb, 8 matçdan “quru” çıxıb.
Potakilov sonuncu dəfə Qazaxıstan yığmasının qapısını ötən ilin noyabrında Norveçlə matçda qoruyub. O, həmin görüşdə qapısından 5 top buraxıb (0:5).