Stefan Bayçetiç “Liverpul”u “Las Palmas”a dəyişdi

İngiltərənin “Liverpul” klubunun gənc futbolçusu Stefan Bayçetiç bundan sonra “Las Palmas”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi yarımmüdafiəçini bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb və 20 yaşlı futbolçu mövsüm bitən kimi “Liverpul”un düşərgəsinə qayıdacaq.

İspaniyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığı da olan Stefan Bayçetiç əslən Serbiyadandır. 18 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib. O, “Liverpul”un əsas komandasının heyətində 22 oyuna çıxıb, 1 qola imza atıb.

Bayçetiç cari mövsümün ilk dövrəsini “Zalsburq”da icarədə keçirib. İspaniyanın U-18 yığmasında da forma geyinmiş futbolçu hazırda U-21-ə dəvət alır.

“Las Palmas” Fransanın “Klermon” klubunun müdafiəçisi Andi Pelmarı da icarəyə götürüb. La Liqa klubu 24 yaşlı fransalı futbolçunu satınalma şərti ilə heyətinə qatıb.

“Nitsa”nın yetirməsi olan Andi Pelmar “Bazel”də də forma geyinib. 2023-cü ildən “Klermon”da olan müdafiəçi bu komandanın heyətində 36 oyun keçirib. O, daha öncə “Leççe”də də icarədə olub, Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarında çıxış edib.

“Las Palmas” niderlandlı yarımmüdafiəçisi Delay Sinkqravenlə də yollarını ayırıb. 29 yaşlı futbolçu azad agent kimi özünə yeni klub axtarır. 2023-cü ildən bu klubda çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 15 oyunda fərqlənə bilməyib. O, “Ayaks”, “Bayer”, “Herenven” kimi klublarda da çıxış edib. Niderlandın U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.