Ştefan Laynerdə xərçəng xəstəliyi aşkarlandı

Futbol üzrə Avstriya millisinin və Mönhenqladbah “Borussiya”sının müdafiəçisi Ştefan Laynerdə xərçəng xəstəliyi aşkar edilib.

Arena.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçunun klubu məlumat yayıb.

Bildirilib ki, tibbi müayinə zamanı sağ cinah müdafiəçisinin lenf xərçənginə yoluxduğu müəyyənləşib. Bu üzdən Layner uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun bir neçə ay müalicə alacağı vurğulanıb. Həkimlər hesab edirlər ki, xəstəlik erkən aşkar edildiyindən, Laynerin müalicə ilə sağlamlığına qovuşmaq şansı yüksəkdir.

Xatırladaq ki, Ştefan Layner 2019-cu ildən Mönhenqladbah “Borussiya”sının formasını geyinir. O, Bundesliqa təmsilçisində 125 oyuna çıxıb, 4 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Layner karyerası ərzində “Zalsburq”, “Liferinq”, “Rid”, “Qrödiq” kimi klubların da formasını geyinib. Futbolçu Avstriya milli komandasında da 38 oyuna çıxıb, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: