Futbol üzrə Avstriya milli komandasının müdafiəçisi Stefan Poş mövsümün əvvəlində icarəyə verildiyi “Bolonya”da qalacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı olan sağ cinah müdafiəçisi 2022-ci ilin satınalma şərti ilə Almaniyanın “Hoffenhaym” klubundan 1 mövsümlük icarəyə götürülmüşdü. Onun A Seriyası təmsilçisindəki çıxışı rəhbərliyin ürəyincə olub. Bu üzdən də İtaliya klubu futbolçunun transfer hüquqlarını da alıb.
Bolonyalılar bunun üçün Almaniya klubuna 5 milyon avro ödəyiblər. Avstriyalı oyunçu ilə müqavilənin müddəti isə açıqlanmır.
Xatırladaq ki, Stefan Poş bu mövsüm “Bolonya”nın heyətində 30 oyuna çıxıb. O, bu matçlarda 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi daha öncə “Hoffenhaym”la yanaşı, ölkəsinin “Admira Vakker” klubunun da uğurları üçün çalışıb. O, Avstriya milli komandasında keçirdiyi 22 oyunda 1 qol vurub.