Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu niderlandlı futbolçusu Stefano Densvil ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub niderlandlı oyunçuya heç bir təzminat ödənilməyəcəyini bəyan edib.
Xatırladaq ki, Stefano Densvil 2021-ci ilin avqust ayından “Trabzonspor”da çıxış edirdi. Trabzon təmsilçisi həmin vaxt bu oyunçunu İtaliyanın “Bolonya” klubundan bir mövsümlük icarəyə götürmüşdü. 2022-ci ilin yayında isə trabzonlular bu oyunçunu birdəfəlik heyətə qatmışdılar. Densvilin Türkiyə klubu ilə 2025-ci ilin 31 mayına qədər müqaviləsi var idi. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinin səbəbi açıqlanmır.
Denvsil cari mövsümdə meydana çıxdığı 15 oyunda 1 qola imza atıb. Mərkəz müdafiəçisi Trabzon klubunun heyətində bütövlükdə 103 oyun keçirib, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ayaks”ın yetirməsi olan Stefano “Bolonya” və “Brügge” kiimi klublarda da çıxış edib.
Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Densvil 2023-cü ilin sentyabrında Surinam millisində çıxış etməyə qərar verib. O, sözügedən komandanın heyətində 10 oyun keçirib.
“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 2,1 milyon avro məbləğində qiymətləndirir.




