Stefano Pioli “Əl-Nəsr”i çalışdırmaq qərarını əsaslandırdı

İtaliyan mütəxəssis Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırmaq qərarına niyə gəldiyini açıqlayıb.

Arena.az jurnalist Nikolo Skiraya istinadən, Piolinin bu barədə fikrini təqdim edir:

“Əl-Nəsr”ə qoşulmaq qərarımın səbəbi aşkar aydındır – mən liqanı qazanmaq istəyirəm”, deyə italyan mütəxəssis bir cümlə ilə qətiyyətini vurğulayıb.

Həmçinin Stefano Pioli “Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messidən üstün olduğu fikrindədir:

“Məncə, Ronaldo Messidən üstündür, çünki o, keçirdiyi oyunlardan daha çox, qol vurub”, – AS dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Maraqlıdır ki, 2022-ci ilin dekabrında Pioli demişdi ki, “futbolda üç əfsanə var – Pele, Maradona və Messi. Amma onların hamısı müxtəlif dövrlərdəndir”.

Xatırladaq ki, 58 yaşlı Stefano Pioli sentyabrın 18-də “Əl-Nəsr”lə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. İtalyan mütəxəssis “Nəcd cəngavərləri”nin baş məşqçisi vəzifəsində, istefaya göndərilmiş portuqal mütəxəssis Luis Kastronu əvəz edib. Portuqal mütəxəssisin istefası “Əl-Nəsr” yerində sayması – qənimət qazana bilməməsi ilə əlaqələndirilir.

Pioli yeni komandasındakı ilk oyununda “Əl-İttifaq” üzərində 3:0 hesablı səfər qələbəsinə sevinib.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 4 turundan sonra 8 xal toplamış “Əl-Nəsr” yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.