“Milan”ın baş məşqçisi Stefano Pioli UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Futbolçular hər iki görüşdə meydanda var güclərini qoydular. “İnter” qələbəyə layiq idi və bu münasibətlə onları təbrik edirik.
Ötən il çempionluq qazanan ən gənc kollektiv olduğumuzu nəzərə alsaq, bu komandanın keçdiyi yolu mənfi qiymətləndirmək olmaz. Yarımfinalda “İnter”ə uduzduqdan sonra məyus olmağımız normal olsa da, bu mövsüm Çempionlar Liqasında möhtəşəm turnir keçirdik”.
Stefano Pioli cavab matçında geridönüş edəcəklərinə inam hissi ilə çıxdıqlarını bildirib:
“Finala çıxmaq ümidimiz var idi. Təbii ki, finala çıxa bilmədiyimiz üçün məyus oldum. Amma bu mövsüm çox şey öyrəndik”.
“Milan”ın kapitanı Davide Kalabriya da məğlub olduqları matça bağlı fikirlərini bölüşüb:
“Bu başlanğıc nöqtəsidir. “Milan”ı Çempionlar Liqasının yarımfinalında heç kim görməyib. Biz hər şeyimizi verdik. Mən pis düşünmək istəmirəm. Bütün diqqətimizi çempionatda ilk 4-lüyə düşməyə yönəltməliyik”.
“Milan”ın keçmiş kapitanı və texniki direktoru Paolo Maldini də komandanın çıxışına münasibət bildirib:
“İnter”lə aramızda fərq var, bunu “neradzurri” ilə son dörd oyunda görmüşük. Bu gün daha yaxşı çıxış etdik, amma bu, məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Bu yol bizə böyük idman nəticələri gətirdi. Fikrimcə, komandanın indi istedadlı gənc oyunçuları var ki, onlar gələcəyə ümidlə baxmağa əsas verir”.
“İnter”lə ev oyununda 0:2 hesabıyla məğlub olmuş “Milan” səfərdə də 0:1 uduzaraq ÇL-in finalına çıxa bilməyib. Piolinin komandası ötən mövsüm İtaliya A Seriyasının qalibi olmuşdu. Amma bu komanda cari mövsümdə həm A Seriyasında, həm də Çempionlar Liqasında “İnter”ə qarşı keçirdiyi bütün oyunlarda məğlubiyyətlə üzləşib.