Stefano Pioli rəsmən “Əl-Nəsr”də

İtaliyalı futbol mütəxəssisi Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

“Əl-Nəsr”lə 58 yaşlı mütəxəssis arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır. Pioli sözügedən komandanın sükanı arxasında ötən gün istefaya göndərilmiş Luis Kastronu əvəz edib. Hansı ki, 63 yaşlı portuqal mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanmışdı. O, son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulmuşdu. “Əl-Nəsr” bu mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 3 oyuna 1 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Asiya Çempionlar Liqasındakı ilk oyununda da heç-heçə ilə kifayətlənib.

Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinə rəhbərlik edirdi. O, bu müddət ərzində komandanı 54 oyuna çıxarıb, 36 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət görüb.

Stefano Piolinin sonuncu iş yeri isə “Milan” olub. O, bu il mayın 24-də İtaliya komandasının baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.

Pioli 2019-cu ilin oktyabrından “Milan”a rəhbərlik edirdi. İtalyan mütəxəssis bu komandanı bütün yarışlarda 240 oyuna çıxarıb, 132 qələbə qazanıb, 56 heç-heçə edib, 52 məğlubiyyət acısısı yaşayıb.

Stefano Pioli “Milan”a 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandırıb.

Pioli “Milan”dan əvvəl “Bolonya”, “Verona”, “Salernitana”, “Modena”, “Qrosseto”, “Pyaçentsa”, “Palermo”, “Latsio”, “İnter” və “Fiorentina” kimi komandalara da rəhbərlik edib. Stefano Piolinin məşqçi kimi yeganə uğuru elə “Milan”la İtaliya çempionluğudur.

Sonda onu da xatırladaq ki, “Əl-Nəsr”də portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo başda olmaqla, Sadio Mane, Marselo Brozoviç, Anjelo Qabriel, Bento, Otavio, Emerik Lyaport və Anderson Taliska kimi tanınmış futbolçular çıxış edirlər.