“Fatih Karagümrük” heyətini 4 yeni futbolçu – Rayan Mendes, Stefano Sturaro, Federiko Çekkerini və Kevin Lazanya ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb
Rayan Mendes Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan azad agent kimi İstanbul təmsilçisinə keçib və 2 illik müqaviləyə imza atıb. Kabo Verde yığmasının da üzvü olan 33 yaşlı vinger daha öncə “Əl-Şarca”, “Kayserispor”, “Nottingem Forest”, “Lill” və “Havr” kimi klubların da formasını geyinib. Mendes yığma komandada da 59 matç keçirib, 14 qol vurub.
Stefano Sturaro da İtaliyanın “Cenoa” klubundan azad agent kimi “Fatih Karagümrük”ə keçib. 30 yaşlı italyan dayaq yarımmüdafiəçisi Super Liqa təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Təcrübəli futbolçu karyerası ərzində “Modena”, “Yuventus”, “Sportinq”, “Verona” kimi klubların da formasını geyinib. O, İtaliya millisində də 4 matça çıxıb.
Federiko Çekkerini və Kevin Lazanya isə İtaliyanın “Verona” klubundan icarəyə götürülüb. Onların hər ikisi mövsümün sonuna kimi Türkiyə klubunun uğurları üçün çalışacaq. Lazanya “Verona”dan öncə “Karpi”, “Udineze”, “Este” kimi klublarda da oynayıb. 31 yaşlı hücumçu İtaliya yığmasında da 7 oyun keçirib. Çekkerini isə karyerası ərzində “Fiorentina”, “Krotone”, “Pistoyeze” və “Livorno”nun formasını geyinib. 31 yaşlı futbolçu mərkəz müdafiəçisidir.
“Fatih Karagümrük”ün rusiyalı yarımmüdafiəçisi Məhəmməd Ozdoyev isə PAOK-a keçib. 30 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb. Türkiyə klubu onun satışından 450 min avro qazanıb. O, 2022-ci ilin iyulundan formasını geyindiyi İstanbul təmsilçisində 34 oyuna 5 qol və 6 assistlə yadda qalıb. Rusiya yığmasında 35 oyuna 4 qol vurmuş futbolçu “Zenit”, “Rubin”, “Lokomotiv” (Moskva), “Axmat” kimi klubların da formasını geyinib.