Türkiyənin “Ankaragücü” klubu iki futbolçusu – Uroş Radakoviç və Stelios Kitsiu ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçunun 2023/2024 mövsümündə də komandanın uğurları üçün çalışmağa davam edəcəyi diqqətə çatdırılıb. Onların klubla əvvəlki sözləşməsi bu ayın sonuna qədər idi.
Xatırladaq ki, Uroş Radakoviç Türkiyə klubuna 2022-ci ilin yayında Tula “Arsenal”ından (Rusiya) gəlib. Serbiyadan olan 29 yaşlı mərkəz müdafiəçisi bu komandada 24 oyuna çıxıb, 1 qol da vurub. O, daha öncə “Siqma”, “Sparta” (Praqa), “Novi Sad”, “Bolonya”, “Arsenal” (Tula), “Astana”, “Visla” (Krakov), “Novara” kimi klubların da formasını geyinib. Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
Stelios Kitsiu isə bu ilin martında “Qaziantep”dən ayrılaraq Ankara klubu ilə müqavilə bağlamışdı. Yunanıstandan olan sağ cinah müdafiəçisi “Qaziantep”ə 2021-ci ilin avqustunda məhz “Ankaragücü” ilə yollarını ayırdıqdan sonra keçmişdi. Belə ki, o, 2019-2021-ci illər aralığında məhz Ankara təmsilçisinin uğurları üçün çalışıb. 29 yaşlı futbolçu bu komandada bütövlükdə 89 matça çıxıb, 4 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Yunan futbolçu PAOK və “Sent Trüden”də də forma geyinib. O, Yunanıstan yığmasında da 2 matça çıxıb.
“Ankaragücü” ilə müqaviləsinin müddəti bitən daha bir futbolçu – Kevin Malkui isə Türkiyə klubundan ayrılıb. Azad agent statusuna malik 31 yaşlı fransızın karyerasını harada davam etdirəcəyi bilinmir.
Malkui Türkiyə klubuna 2022-ci ildə “Napoli”dən gəlmişdi. Sağ cinah müdafiəçisi bu komandada 24 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Futbolçu daha öncə “Napoli”, “Sent Etyen”, “Nyor”, “Frejyus”, “Lill”, “Vann”, “Fiorentina” və “Monako” kimi klublarda da çıxış edib.