Uelsli futbol mütəxəssisi Stiv Kuper İngiltərə Premyer Liqasına vəsiqə qazanmış “Lester Siti” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda uelsli Stiv Kuperə tapşırılıb. O, bu postda bu yay “Çelsi”yə keçən Entso Mareskanı əvəzləyib. 44 yaşlı mütəxəssislə 3 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Xatırladaq ki, Stiv Kuperin sonunsu iş yeri “Nottingem Forest” komandası olub. O, sözügedən klubdan 2023-cü ilin dekabr ayında ayrılandan bəri işsiz idi. Stiv Kuper 2021-ci ilin sentyabr ayından “qırmızı-qaralar”ın “sükanı arxasında” çalışırdı. O vaxtdan bəri bu komandanı 108 matça çıxarmış mütəxəssis, 43 qələbəyə sevinib. Qalan oyunlardan 27-si heç-heçə, 38-i isə məğlubiyyətlə bitib.
Kuper 23 il sonra bu komandanı Premyer Liqaya çıxarmışdı. Lakin komandanın ötən mövsümdəki uğursuz çıxışı Kuperin istefasını qaçılmaz etmişdi. Halbuki, onun elita təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqaviləsi vardı.
Kuper daha öncə “Suonsi Siti”yə, İngiltərənin U-17, U-16, “Liverpul”un U-18, gənclərdən ibarət komadalarına da baş məşqçilik edib.
Xatırladaq ki, “Lester Siti” ötən mövsüm Çempionşipdə qalib olaraq Premyer Liqaya vəsiqə qazanıb.



