“Aykas”dan “Əl-İttihad”a keşmiş niderlandlı vinger Stiven Berqveyn əvvəlki klublarındakı maaşından danışıb, bu keçidini dəyərləndirib.
Arena.az niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mənim maaşım həm “Tottenhem”də, həm də “Ayaks”da əla idi. Erediviziyada, Premyer Liqada, Çempionlar Liqasında, Avropa Liqasında, Avropa və Dünya çempionatlarında çıxış etmişəm. İndi mən bu macəranı səbirsizliklə gözləyirəm. Mən bu fürsətdən ikiəlli yapışdım və həqiqətən xoşbəxtəm. Onu da unutmayaq ki, həmçinin “Ayaks” mənim müqabilimdə 21 milyon məbləğində qazanc götürdü”, deyə Berqveyn vurğulayıb.
Sol cinah hücumçusu mövqeyində çıxış edən Stiven Berqveyn futbola “Vaterveyk” klubunda qədəm qoyub. “Ayaks” və PSV-nin futbol akademiyalarında yetişmiş Berqveyn böyük futbola Eyndhoven təmsilçisinin heyətində gəlib. Niderlandlı hücumçu karyerası ərzində sonralar “Tottenhem” və “Ayaks”da çıxış edib.
2024-cü ilin sentyabrında “Əl-İttihad” 21 milyon avro məbləğ müqabilində Berqveyni “Ayaks”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubu niderlandlı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Berqveyn “Ayaks”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Berqveyn “Əl-İttihad”ın heyətində hələ siftəsini etməyib.
Stiven Berqveyn 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 35 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Stiven Berqveynin qənimətlər muzeyində PSV ilə qazandığı Niderland çempionluğu (3 dəfə) və Niderland Super Kuboku var.
“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı sol cinah hücumçusunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.