Stiven Kenni: “Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”

Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, irlandiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan yığmasının bütün oyunlarını izləmişəm. Canni De Byazinin çalışdırdığı komanda yaxşı müdafiə olunur. Serbiya yığması bu komanda ilə matçın son dəqiqələrində qələbə topunu vurdu. Portuqaliya millisi də Azərbaycanla matçda çətin qələbə qazandı. Biz də sabahkı matçda qalib gəlmək istəyirik. Amma əvvəlcə bunu haqq etmək lazımdır. Oyunu səbirsizliklə gözləyirik”.

Stiven Kenni Azərbaycanla oyundakı mümkün məğlubiyyətin istefasına səbəb olmasından qorxmadığını dilə gətirib:

“Yazılanlara inanmaq lazım deyil. Özümü təzyiq altında hiss etmirəm. Yaxşı məşq həftəsi keçirmişik. Komandada özünəinam var. Bunun sabahkı oyunda qələbəyə gətirəcəyini düşünürəm”.

İrlandiya yığmasının baş məşqçisi qızdırma səbəbindən Bakıda təcrid olunan Adam İda və Ceyson Naytın koronavirusa yoluxmadıqlarını vurğulayıb: “Düzdür, son günlərdə onların hərarəti var. Amma bu, COVİD-19-la bağlı problem deyil. Çünki koronavirus testlərinin nəticəsi mənfi çıxıb. Hazırda özlərini yaxşı hiss edirlər. Amma onların oynayıb-oynamayacaqlarına məşqdən sonra aydınlıq gələcək”.

Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında İrlandiyada keçirilmiş ilk oyun 1:1 hesabıyla başa çatıb. Həmin matçda yığmamız hesabı açsa da, son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən vermişdi.