Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Danimarka yığması ilə oyunu (0:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, serb mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əskik olan addımı ata bilmədiyimiz üçün məyusuq. Oyun bərabər keçdi, biz öz bəxtimizi və qol imkanımızı aradıq, amma təəssüf ki, alınmadı. Mən oğlanlarımla fəxr edirəm. Serbiya yığmasının azarkeşləri bu komanda ilə fəxr etməlidirlər. Son saniyəyə qədər mübarizə apardıq, hər üç oyunda bizi parlaq şəkildə dəstəklədikləri üçün isə azarkeşlərə minnətdaram”, deyə Stoykoviç bildirib.
Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “C” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:
- İngiltərə – 5 xal
- Danimarka – 3 xal
- Sloveniya – 3 xal
- Serbiya – 2 xal
İngiltərə və Danimarka yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar. İngilislər rəqiblərinin intizarında ikən, Danimarka yığması AÇ-2024-ün meydan sahibi Almaniya yığması ilə qarşılaşacaq. Sloveniya yığması isə böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Serbiya yığması isə Avropa çempionatı ilə vidalaşıb.