Stoykoviç: “Sloveniya millisinə qalib gəlmək üçün hər şey edəcəyik”

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Sloveniya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, serb mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sloveniya yığmasını məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Bu oyuna başqa nəticə haqda düşünməklə çıxmağa hazırlaşmırıq. Yaxşı bir ab-hava olacaq və bu da xoş olacaq. Çox yaxşı oyun olacaq və bunu səbirsizliklə gözləyirəm, amma məqsədimiz qələbə qazanmaqdır. Bu oyunda qələbənin bizə nə gətirəcəyini hamımız bilirik. Hər kəs ilhamalanıb. Onlar Sloveniya yığmasının gətirəcəyi çağırışlara cavab verməyə tam hazır olacaqlar”, deyə Stoykoviç vurğulayıb.

Xatırladaq ki, Sloveniya – Serbiya oyunu bu gün, iyunun 20-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “C” qrupunda belə sıralanıblar:

  1. İngiltərə – 3 xal
  2. Danimarka – 1
  3. Sloveniya – 1
  4. Serbiya – 0