“Strasburq” ukraynalı oyunçu üçün 2.5 milyon avro ödədi

Fransanın “Strasburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Brügge” klubunun sol cinah müdafiəçisi Eduard Sobolu transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. “Brügge” vaxtilə Donetsk “Şaxtyor”undan 3.5 milyon avroya transfer etdiyi ukraynalı oyunçunu fransızlara 2.5 milyon avroya satıb. 27 yaşlı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.

Eduard Sobol Zaporojye “Metallurq”unun yetirməsidir. O, 2013-cü ildə Donetsk “Şaxtyor”una transfer olsa da, burada çox forma şansı qazanmayıb. Bu üzdən də o, “Metallurq” (Donetsk), “Metallist” (Xarkov), “Zarya” (Luqansk), “Slaviya” (Praqa), “Yablonets” kimi klublara icarəyə verilib. Sobol 2019-cu ildən formasını geyindiyi “Brügge”də 124 oyuna çıxıb. O, bu matçlarda 4 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2016-cı ilin sentyabrında debüt etdiyi Ukrayna milli komandasında indiyə kimi 27 matça çıxıb.

“Strasburq” İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Morqan Sansonu da heyətinə qatıb. Fransadan olan 28 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Morqan Sanson 2021-ci ilin yanvarından “Aston Villa”da çıxış edir. O, Premyer Liqa təmsilçisində 23 oyuna çıxıb və 1 qol vurub. Daha çox Marsel “Olimpik”indəki çıxışı ilə məşhurlaşan Sanson, Fransada “Le Man” və “Monpelye”nin də uğurları üçün çalışıb. O, Fransanın U-19 və U-21 yığmalarında da forma geyinib.