“Ştutqart” futbol üzrə Almaniya Bundesliqasında qalmaq uğrunda keçirdiyi pley-off oyunlarından üzüağ çıxmağı bacarıb.
Arena.az xəbər verir ki, 2022/2023 mövsümünün əsas hissəsini 18 iştirakçı arasında 16-cı pillədə başa vuran bu komanda elitanı tərk etmək təhlükəsiylə üzləşmişdi.
Əsas Bundesliqada qalmaq üçün ştutqartlılar İkinci Bundesliqada 3-cü yeri tutmuş “Hamburq”la pley-off oyunları keçirmək məcburiyyətində qalıblar. İyunun 1-də Ştutqartda baş tutan ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanmaqla demək olar ki, vəzifələrinin öhdəsindən gəlmişdilər. Bu gün isə bu komandalar “Hamburq”un meydanında cavab görüşünə çıxıblar. Cavab matçında hesabı hamburqlular açıblar. Amma sonradan 3 qol vuran qonaq komanda meydanı əzmkar qələbə ilə tərk etməyi bacarıb – 1:1.
Beləcə, pley-offdakı hər iki oyundan qalib ayrılan “Ştutqart” əsas Bundesliqadakı yerini qoruyub.
Xatırladaq ki, sözügedən komanda mövsümün əsas hissəsində 34 oyuna 33 xal toplamış və 16-cı yeri tutmuşdu. 31 xalla 17-ci olan “Şalke”, eləcə də 29 xalla sonuncu yeri tutmuş “Herta” isə elitanı tərk edib. Bu iki komandanı növbəti mövsümdə əsas Bundesliqada “Haydenhaym” və “Darmştadt” əvəz edəcək.
Sonda onu da xatırladaq ki, “Hamburq” artıq ikinci mövsümdür eyni aqibəti yaşayır. Bu komanda ötən yay da İkinci Bundesliqada üçüncü yeri tutmuş və əsas Bundesliqada 16-cı olan “Herta” ilə pley-off oyunlarında qarşılaşmışdı. Yekunda “Herta” qalib gəldiyi üçün elitada, “Hamburq” da aşağı liqada qalmşdı.