Ötən gün “Sumqayıt”dan ayrıldığı açıqlanan Süleyman Əhmədov karyerasını yenə Premyer Liqada davam etdirəcək.
Arena.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi “Səbail”ə transfer olunub.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Yay fasiləsində ikinci yerli transferini reallaşdıran “Səbail” yeni müdafiəçisi ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Süleyman Əhmədov 2018-ci ilin yanvarından “Sumqayıt”da çıxış edirdi. Müdafiəçi bu komandada 98 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Qarabağ”ın yetirməsi olan Süleymanov vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.
“Səbail” Süleyman Əhmədovdan öncə “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyevi də transfer etmişdi. Maraqlıdır ki, hər iki futbolçu eyni mövqedə çıxış edirlər.
“Dənizçilər” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Ruslan Hacıyevlə yollarını ayırdıqlarını açıqlayıblar. Müdafiəçi Vüqar Həsənovla isə yeni müqavilə imzalanıb.