Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala vəsiqə uğrunda qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.
Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq. Güləşçimiz avqustun 7-də Olimpiadanın bürünc medalı uğrunda mübarizə aparacaq.
Sənan Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. O, startda Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi. İdmançımız 1/4 final mərhələsində də Macarıstan təmsilçisi Zoltan Levaya sonuncu xal prinsipi (1:1) ilə qalib gəlmişdi.
Xatırladaq ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) də yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanmışdı. O, bu gün bürünc medal qazanmağa çalışacaq.
Yeri gəlmişkən, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik üçün Yay Olimpiya Oyunları başa çatıb. Bu gün mübarizəyə qoşulmuş Stadnik yarışa 1/8 finaldan başlamışdı. O, ilk rəqibi Anastasiya Blavyasa (Almaniya) 6:2 hesabı ilə qalib gəlmişdi. Amma təmsilçimiz ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) gərgin keçən görüşdən (4:4) məğlubiyyətlə ayrılmışdı. Xalların keyfiyyətinə görə rəqib mərhələ adlamışdı. Monqolustanlı rəqib növbəti görüşdə uduzduğu üçün Stadnikin ilk dəfə Olimpiadanı medalsız başa vurması rəsmiləşib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.