Sulşer “Mançester Yunayted”i yenidən çalışdırmağa hazırdır

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole-Qunnar Sulşer “qırmızı şeytanlar”ı yenidən çalışdırmağa hazırdır.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, norveçli mütəxəssis “Mançester Yunayted”in son nəticələrinin zəif olması mənzərəsində, ona müvafiq xüsusda ünvanlanmış sualı belə cavablayıb:

“Əgər ailəniz sizdən nəsə istəsə, həftənin hər günü “hə” deyəcəksiniz. Məncə, başqalarının işindən danışmaq yersizdir, amma mənim cavabım “bəli” olacaq”, deyə Mançester klubunun sabiq futbolçusu bildirib.

Xatırladaq ki, norveçli mütəxəssis 2019-cu ilin martından 2021-ci ilin noyabrına qədər “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində çalışıb. 2018-ci ilin dekabrından 2019-cu ilin martına qədər isə Sulşer “qırmızı şeytanlar”ın baş məşqçi vəzifəsinin icraçısı idi.

Hazırda “Mançester Yunayted” özünün möhtəşəm futbol tarixinin heç də ən xoş günlərini yaşamır. Niderlandlı mütəxəssis Erik ten Haqın çalışdırdığı “qırmızı şeytanlar” 5 oyundan 7 xalla Premyer Liqanın yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıblar.