“Sumqayıt” 3, NTD daha 2 legioner gətirdi

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə hazırlaşan “Sumqayıt” bu gün daha 3 yeni transfer reallaşdırıb.

Arena.az xəbər verir ki, sözügedən klub 2021-ci ildən Gürcüstanda çıxış edən, ötən mövsüm isə bu ölkənin “Qurjaani” klubunda oynamış 200 sm boya malik 29 yaşlı forvard Derrik Nyutonu transfer edib.

Daha bir transfer amerikalı Calen Houkinsin adı ilə bağlıdır. 193 sm boya malik 25 yaşlı oyun qurucusu son olaraq ABŞ təmsilçisi “Alkon Steyt Braves” komandasında oynayıb.

Rusiyalı 181 sm boya malik 36 yaşlı oyun qurucusu Andrey Mateyunas da yeni mövsümdən “Sumqayıt”ın uğurları üçün çalışacaq. O, 2009-cu ildə “Avtador”da, 2018-ci ildə isə “Spartak Primorye” ilə Rusiya çempionu olub. Andrey ötən mövsüm “Lokomotiv” (Kuban) komandasının şərəfini qoruyub.

Azərbaycan Basketbol Liqasının digər təmsilçilərindən NTD də növbəti transferləri reallaşdırıb. Sözügedən komanda iki amerikalı basketbolçu ilə anlaşıb.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 201 sm boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.

Bakı klubu həmçinin Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 195 sm boya malik 22-yaşlı forvardın son klubu “Vayne State University” olub.

“Lənkəran” da heyətinə iki yeni oyunçu cəlb edib. Lənkəranın eyniadlı təmsilçisinin yeni transferlərindən biri amerikalı basketbolçu Qreqory Miltondur. 190 sm boya malik Milton universal basketblçu sayılır. O, həm müdafiəçi, həm atıcı, həm də oyun qurucu mövqeyində çıxış edə bilir. 24 yaşlı oyunçu karyerasında Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.

“Lənkəran” 20 yaşlı basketbolçu Varid Ağasızadəni də heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu “Sərhədçi” olub.

176 sm boya malik Varid oyun qurucusudur. Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.

“Abşeron”dan ilk transfer

“Quba” da növbəti transferini rəsmiləşdirib. Şəhriyar Əsgərovun rəhbərlik etdiyi bölgə təmsilçisi amerikalı basketbolçu Malik Raşad Hantla razılığa gəlib. Onunla bir illik müqavilə imzalanıb.

Malik Raşad karyerası ərzində müxtəlif ölkələrdə legioner həyatı yaşayıb. 1997-ci il təvəllüdlü basketbolçu “Mulege Mineyros” (Meksika), “Ginasio Olhanense” (Portuqal), “Sky Money Kinqs” (Çin), “Əl-Vatba” (Suriya), “Sorokaba” (Braziliya), “İmportadora Alvarado” (Ekvador) klublarında çıxış edib.

“Abşeron” isə yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb. Daha öncə Azərbaycanda “Şəki”nin də şərəfini qorumuş Lari Robinsonla 1 illik müqavilə imzalanıb. O, daha əvvəl Gürcüstanın “Zestafoni” kollektivində çıxış edib. Lari Robinson NBA çempionu olan Lari Robinsonun oğludur.

“Gəncə” də bu yay ilk legioneri heyətinə cəlb edib. Bu, amerikalı basketbolçu Marqus Gilsondur. 202 sm boya malik Gilson mərkəz oyunçusu mövqeyində çıxış edir. Marqus 33 nömrəli forma ilə oynayacaq. 25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Gilson son mövsümü Gürcüstanda keçirib. O, “Kutaisi” ilə ölkə çempionu olub.