“Sumqayıt” bosniyalı hücumçu gətirdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Serbiya “Çukariçki”sindən hücumçu Almir Aqanspahiçi icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaq. Bosniya və Herseqovinadan olan futbolçu “Sumqayıt”da “9” nömrəli formada çıxış edəcək.

Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. O, Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.

“Sumqayıt” bu yay Stiven Pereyra, Damyan Daniçiç, Rifat Nurmuqamet, Alya Ture, Filipe Çabi, Ouro-Nil Ture və Todor Todoroskini də heyətinə qatmışdı. Sözügedən klub yerli oyunçulardan yalnız Vüsal İsgəndərlini transfer edib, Vurğun Hüseynov və Vüqar Mustafayevlə də yeni müqavilə imzalanıb.

Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov, Dmitri Nağıyev, Yusif Nəbiyev, Höccət Haqverdi və Camaləddin Xocaniyazov isə komandadan ayrılıb.