2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətinə daha bir legioner futbolçu qatıb. Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi toqolu hücumçu Ouro-Nil Tureni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Ouro-Nil Ture Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və PSTC klublarında çıxış edib. O, yeni komandasında “70” nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, bu mövsümdən etibarən “Sumqayıt” klubu strategiyasını dəyişərək, legioner futbolçu transfer etməyə başlayıb. Sözügedən klub daha öncə Stiven Pereyra, Damyan Daniçiç, Rifat Nurmuqamet, Alya Ture və Filipe Çabini də transfer etmişdi. Yerli oyunçulardan isə yalnız Vüsal İsgəndərli transfer olunub.
Bu yay Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov, Dmitri Nağıyev, Yusif Nəbiyev və Höccət Haqverdi bu komandanı tərk edib. Vurğun Hüseynov və Vüqar Mustafayevlə isə yeni müqavilə imzalanıb.