“Sumqayıt” “Fehervar” səddini keçə biləcək?

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sumqayıt” bu gün yarışın 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab matçına çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan təmsilçiləri arasındakı ikinci oyun Sekeşfehervar şəhərində baş tutacaq.

“MOL Arena Şoşto” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kristoffer Karlsson olacaq. Ona yan xətt hakimləri Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.

Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi cavab görüşündə ilk oyundakı məğlubiyyətin qisasını almağa çalışacaq. Çünki təmsilçimizin mərhələ adlamaq üçün səfər matçında inamlı qələbə qazanmaqdan başqa çıxış yolu yoxdur. Sumqayıtlılar bir həftə öncə doğma meydanda baş tutan ilk oyunda 1:2 hesabıyla uduzduqları üçün, çox çətin sınaq qarşısındadırlar.

Əslində, ilk oyunda Sumqayıtın eyniadlı təmsilçisi heç də pis bağışlamırdı. Hesabı da meydan sahibləri açmışdılar. Amma ilk yarının ortalarında Murad Xaçayev qırmızı vərəqə alaraq meydandan qovulandan sonra vəziyyət 180 dərəcə dəyişdi. Meydandakı say üstünlüyündən maksimum yararlanan “Fehervar” səfərdən əzmkar qələbə ilə qayıtdı.

Cavab matçına Xaçayev də olmayacaq. Bu azmış kimi, komandanın ehtiyat qüvvəsi də yetərsizdir. Klub rəhbərliyinin, avrokuboklara vəsiqə qazanmalarına rəğmən, heyəti kifayət qədər gücləndirməməsi indi komandanı çətin vəziyyətdə qoyub. Amma ümid edək ki, “Sumqayıt” hətta bu heyətlə də belə, ümumi vəziyyəti xeyrinə dəyişə və mərhələ adlaya biləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
31 iyul

21:00. Fehervar – Sumqayıt
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu.
İlk oyun – 2:1.