Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandasının 2026/2027-ci illər mövsümünə hazırlıq planında dəyişiklik olub.
Arena.az xəbər verir ki, u barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, komanda yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu iyulun 19-da keçirəcək. “Qəbələ” ilə “Sumqayıt Arena”da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək
Qeyd edək ki, bu, sumqayıtlıların yeni baş məşqçi – portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərliyi altındakı ilk matçı olacaq.
Xatırladaq ki, “Sumqayıt” məşqlərini iyulun 24-nə qədər “Sumqayıt Arena”da keçirəcək. Ayın 25-də isə komanda Qəbələyə yola düşərək hazırlığın ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-nə qədər davam edəcək təlim-məşq toplanışı müddətində daha 4 yoxlama görüşü nəzərdə tutulub. Komanda iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli” ilə üz-üzə gələcək. Avqustun 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivi ilə yoxlama oyunu nəzərdə tutulub.
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 41 xalla 12 iştirakçı arasında 7-ci pillədə başa vurub. Saşa İliçin rəhbərliyi altında 33 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə etmiş komanda 16 məğlubiyyətə üzülüb. Mövsüm bitən kimi İliçlə yollarını ayırmış klub onu bu postda Filipe Kandido ilə əvəzləyib.


