“Sumqayıt” “Kəpəz”ə, “Sabah” “Səbail”ə qalib gəldi

Yeni mövsümə hazırlığını doğma məkanda davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Premyer Liqanın yeni iştirakçılarından olan “Kəpəz”lə üz-üzə gəlib.

“Sumqayıt Arena”nın ehtiyat meydançasında baş tutan matç məhsuldar alınıb. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri rəqibini 3:2 hesabı ilə üstələyib. “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub. “Sarı-göylər”dən isə qolları ilk yarıda gürcüstanlı futbolçu Georgi Kantariya və baxışda olan braziliyalı Juninyo vurub.

Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyuladək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.

Bu gün “Sabah” və “Səbail” komandaları da yoxlama oyunu keçiriblər. Premyer Liqa təmsilçiləri Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıblar. Dörd qolun qeydə alındığı matç “Sabah”ın qələbəsiylə yekunlaşıb – 3:1. Meydan sahiblərinin heyətində Ceyhun Nuriyev dubla imza atıbsa (11 və 13-cü dəqiqələrdə), digər qolu Camal Cəfərov (90) vurub. “Dənizçilər”in yeganə qolunu isə 68-ci dəqiqədə Franko Mazurek vurub.

Xatırladaq ki, “Sumqayıt” daha öncə “Sabah”a da 2:1 hesabıyla qalib gəlmişdi. “Səbail” isə “Kəpəz”i 3:1 hesabıyla üstələmişdi.