“Sumqayıt” Karim Abubakarla müqavilə imzaladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” klubu heyətinə daha bir legioner oyunçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub son olaraq İsrailin “Bney Yehuda” komandasında çıxış edən qanalı hücumçu Kərim Abubakar ilə güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 5 ay + 1 il şərti ilə müqavilə imzalanıb. Futbolçunun Azərbaycan komandasının heyətində “9” nömrəli formada çıxış edəcəyi diqqətə çatdırılıb.

Kərim Abubakar karyerasına ölkəsinin “Medeama” komandasında başlayıb. O, Qanada “Okvavu Yunayted”in də uğurları üçün çalışıb. Hücumçu 2013-cü ildə Avropaya üz tutub. O, burada “Leqanes”, “Alkorkon”, “Valdiviya”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların da uğurları üçün çalışıb.

Xatırladaq ki, “Sumqayıt” dövrələrarası fasilədə Abubakardan öncə heyətinə daha iki oyunçu cəlb etmişdi. Sözügedən klub Dieqo Karioka və Masaki Murata ilə güclənmişdi.