“Sumqayıt” “Nebitçi”yə məğlub oldu

Bu gün “Sumqayıt” Azərbaycanda təlim-məşq toplanışı keçirən Türkmənistanın “Nebitçi” kollektivi ilə yoxlama oyununda qarşılaşıb.

Arena.az xəbər verir ki, “Sumqayıt Arena”da keçirilən qarşılaşma kifayət qədər məhsuldar alınıb.

Belə ki, altı qolun vurulduğu oyunda meydan sahibləri 2:4 hesabı ilə məğlub olublar. Sumqayıtın eyniadlı təmsilçisinin qollarını Qabil Əlizadə və Əjdər Hacılı rəqib qapısından keçiriblər.

Onu da qeyd edək ki, yoldaşlıq oyunundan öncə rəsmi hissə baş tutub. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra başçısının müavini Akif Quliyev, “Azərikimya” İB-nin Baş direktoru Elnur Məmmədli, Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov, səfirliyin birinci katibi Sultan Açilov, “Sumqayıt”ın vitse-prezidenti Aydın Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir zamanı hər iki xalqın dostluq və qardaşlıq əlaqələri bir daha vurğulanıb, idman sahəsindəki əməkdaşlığın gələcək prespektivləri müzakirə edilib. Daha sonra isə rəsmilər yoldaşlıq oyununu izləyiblər.

Yoldaşlıq oyunu
28 fevral

“Sumqayıt” – “Nebitçi” 2:4