“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci dövrəsində ən az qol vuran komanda olub. Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.
Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.
26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq, 44 qol buraxıblar.
Qeyd edək ki, 4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.
“Səbail”dən yubiley qələbəsi
Əvəzində “Səbail” Azərbaycan çempionatlarında 20-ci ev qələbəsini qazanıb. Yubiley məhz Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyununa təsadüf edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən bakılılar 72-ci görüşdə “20”yə çatıb. “Səbail” ölkə çempionatları tarixinə öz meydanında ən azı 20 qələbə qazanan 31-ci komanda kimi düşüb.
Xatırladaq ki, “Səbail” ev oyununda ilk 3 xalı 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə edib – 1:0.
“Sabah” ilk dəfə belə qələbəyə sevindi
Premyer Liqanın 9-cu turu “Sabah” üçün də əlamətdar olub. Sözügedən komanda Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb. Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə edib. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn bakılılar bu il aprelin 24-də “Şamaxı”nı üstələyib – 5:1.
Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah”, daha öncə “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.