“Sumqayıt” “Samsunspor”a uduzdu, “Səbail” “Qaqra”ya qalib gəldi

2022/23 mövsümünə hazırlığını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri 1-ci liqa təmsilçisi “Samsunspor”la üz-üzə gəlib.

“The Sign Esentepe” hotelinin meydançasında baş tutan qarşılaşmada “Sumqayıt” 0:2 hesabı ilə məğlub olub.

Sumqayıtlılar ilk yoxlama oyununda qardaş ölkənin 1-ci liqa təmsilçisi “Bandırmaspor”la 2:2 hesablı heç-heçəyə razılaşmışdı.

Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” də bu gün növbəti yoxlama matçına çıxıb. “Dənizçilər” yerli “Qaqra” komandası ilə qarşılaşıb.

Görüş Mahmud Qurbanovun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Dənizçilər”in qələbə qollarını 10-cu dəqiqədə Qoba Zakpa və 76-cı dəqiqədə Luvaqa Kizito vurub.

Xatırladaq ki, “Səbail” Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tiflis “Dinamo”suna 0:2 hesabı ilə uduzmuşdu.