“Sumqayıt” tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb. Arena.az xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.
Premyer Liqada 2011-ci ildə debüt edən “Gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.
Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.
Azərbaycan Premyer Liqasının 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün də əlamətdar olub. Mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Onun yetirmələri “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib. Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.