Super Liqa: “Fənərbaxça” “Qalatasaray”ı 10 nəfərlə yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Qalatasaray” əsas izləyicisi və əzəli rəqibi olan “Fənərbaxça”nı qəbul edib. “Sarı-qırmızılar” bu görüşdə ən azı 1 xal qazansaydılar, sona bir tur qalmış çempion olacaqdılar. Prinsipial xarakter daşıyan İstanbul derbisinin ilk hissəsi qolsuz yekunlaşıb. “Fənərbaxça” 21-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, ikinci hissədə vurduğu yeganə qolla bu vacib oyundan qalib ayrılıb. Beləliklə, Super Liqanın 2023/2024 mövsümünün qalibi sonuncu – 38-ci turda müəyyənləşəcək.

Qeyd edək ki, 37 turdan sonra 99 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 96 xalla 2-ci, “Trabzonspor” 64 xalla 3-cü, “Başakşəhər” 58 xalla 4-cü, “Beşiktaş” 56 xalla 5-ci pillədə qərarlaşıb. “Kasımpaşa”nın 53, “Alanyaspor” və “Sivasspor”un 51, “Rizəspor”un 50 xalı var.

Türkiyə, Super Liqa
37-ci tur
17 may

İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – Turqunboyev, 43. Koita, 54.

Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: Mendosa, 30-öz qapısına. M.Yılmaz, 74 – Aymbetov, 65.

18 may

Ankaragücü – Pendikspor 0:0

Başakşəhər – Trabzonspor 0:1
Qol: Onuaçu, 45+2.

Beşiktaş – Hatayspor 2:2
Qollar: J.Fernandes, 50. V.Abubakar, 90+7-pen – Matondo, 26. Dele-Başiru, 55.

Qaziantep – Fatih Karagümrük 3:1
Qollar: E.Ersoy, 47. Yevtoviç, 90. Monteyro, 90+9 – Markao, 67.

Kayserispor – Konyaspor 2:2
Qollar: Mane, 32; 77-pen – S.Dikmen, 36. Nzonzi, 74.

Rizəspor – Kasımpaşa 0:0

Samsunspor – Alanyaspor 1:1
Qollar: Marius, 60 – O.Aydın, 14.

19 may

Qalatasaray – Fənərbaxça 0:1
Qol: Ç.Söyüncü, 71.