Futbol üzrə İngiltərə milli komandasının sabiq baş məşqçisi, məşhur isveçli mütəxəssis Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
Arena.az xəbər verir ki, bunu 75 yaşlı mütəxəssis özü açıqlayıb.
O bildirib ki, qaçış zamanı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada bu barədə məlumatlandırılıb. Eriksson bunun sağalmaz xəstəlik olduğunu bildirib: “Bilirəm ki, ən yaxşı halda bir il, ən pis halda isə daha az vaxtım qalıb. Ancaq bacardıqca bununla mübarizə aparmalıyam”.
Onun bu açıqlamasından sonra UEFA, xərçəng diaqnozu qoyulmuş məşqçiyə çətin günlərində dəstəyini ifadə edib. Təşkilatın “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən Erikssona ismarış ünvanlanıb:
“Bütün Avropa futbolu səninlədir, Sven” – ismarışda deyilir.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. O, “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.