“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin Qubadakı görüşündə qalib müəyyənləşməyib – 2:2.
Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz bu gün 2 xal itirdik. İki dəfə diqqətsizlik etdik və nəticədə qələbəni əldən verdik.
Hakimə etiraz etdiyim epizoda gəlincə, futbolçumuz qapıçı ilə təkbətək çıxırdı. Rəqib oyunçuya ən azından ikinci sarı vərəqə verilməli idi”.
Kaxaber Sxadadze Quba Olimpiya İdman Kompleksinin stadionu ilə də bağlı danışıb:
“Ümid edirəm, bu işə nəzarət edənlər nəzərə alacaqlar ki, belə meydançada futbol oynamaq olmaz. Digər tərəfdən meydanda əsl mübarizə getdi. Amma təbii ki, belə meydançada müasir futbol oynamaq çətindir”.
Sxadadze komandasının cari mövsümdə buraxdığı səhvlərə də münasibət bildirib:
“Əslində, bu mövsüm çox da səhv etmirik. Sadəcə, etdiyimiz səhvlər həlledici olur, qolla nəticələnir. Bir az bəxtimiz də gətirmir. Elə komandalar var ki, çox səhv edirlər, amma qolla nəticələnmir. Bu gün də iki diqqətsizlik qola səbəb oldu. Güclənməyə ehtiyacımız var. Komandaya yeni oyunçular gələcək. Rəhbərliklə bu barədə danışığımız olub. Qışda mütləq heyətin gücləndirilməsinə ehtiyac var. Ehtiyatda oturan futbolçular 17-18 yaşlı gənclərdir. Heç bir matçda rəqibə oyun baxımından uduzmamışıq. Oyunun qırılma nöqtəsi “İmişli”nin futbolçusunun meydandan qovulmaması oldu”.


