2026/2027-ci illər mövsümünə hazırlaşan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Sxadadze oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında matçı və ümumi hazırlığı dəyərləndirib:
“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bu oyunda gördük ki, sürət bir qədər aşağıdır. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar davam edir”.


