Sxadadze: “Milli fasilədən sonra bərbad matçımız olmayıb”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 31-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Bizim üçün çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdülər. Vacib 1 xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardılar. “Qarabağ” meydana ən güclü heyətlə çıxmışdı. Premyer Liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir. Uzun müddətdir ki, “Qarabağ”da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadılar. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.

Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. “Sumqayıt”a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. “Zirə” ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdilər. Sadəcə, bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstəriblər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: