Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün qarşılaşmada fasilə yaranıb. Həmin anda iki komandanın futbolçuları arasında da dava düşüb. Bu üzdən oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. İlkin açıqlamaya görə, qarşılaşma sabah qaldığı yerdən davam etdiriləcək.
Yeri gəlmişkən qeyd edək ki, pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı doğma meydanda bir araya gəlib və komandalarını qələbəyə səsləyiblər. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndiriblər.
“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


