Tərlan Əhmədov: “Bu qədər insanın haqqına girmək olmaz”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki uğurlu oyundan sonra səfərə də eyni nəticə üçün gəlmişdik. Minimum bir, maksimum üç xal götürmək istəyirdik. İlk 15 dəqiqə də göstərdi ki, komandamız məğlub olmağa yox, qalib gəlməyə gəlib. Meydançada baş verəcək hadisələri əvvəlcədən bilmək olmur. Komanda azlıqda qalsa da, nizam-intizama üstünlük verdi. Çalışdıq ki, oyunu bərabərləşdirək. Epizodlarımız da oldu. Amma azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindir. İstər-istəməz rəqib evdə oynayır, səviyyə, maddi və digər baxımdan bizdən üstündür. Buna baxmayaraq, mübariz bir komanda formalaşır. Uşaqlar uduzmaq yox, qalib gəlmək üçün çalışırlar. Oyunda rəqibə hərtərəfli başağrısı olduqları üçün onlara təşəkkür etdim. Bizi 6 gündən sonra çətin oyun gözləyir. “Zirə” ilə görüşə ciddi hazırlaşmalıyıq”.

Tərlan Əhmədov hakimlikdən narazı qaldığını gizlətməyib: “Hər kəsin gördüyü işi vicdanına buraxmışam. Bizim də gördüklərimiz var. Qırmızı vərəqə epizoduna baxacağıq. Penalti epizodundan narazı idim. Özləri dəfələrlə deyiblər ki, top bədəndən ələ deyibsə, penalti deyil. Rəqibin epizodu olanda gedib VAR-a diqqətlə baxırlar. Bizim epizodda isə VAR-dan heç bir xəbərdarlıq gəlmir. İkinci hissədə rəqib İdris İnqilablıya qarşı açıq ayaqla oynadı. Ona da baxılsa, daha yaxşı olar. Bu qədər insanın haqqına girmək olmaz. Buna görə də istər-istəməz aqressivləşirəm. Əziyyət çəkirik, biz onsuz da heç nədən komanda yaratmaq istəyirik. Artıq neçənci oyundur ki, haqsızlıqla üzləşirik. Emosiyalarımıza sahib çıxa bilmirik. Bu da təbii prosesdir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: