“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 35-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyundan sonra futbolçularıma təşəkkür etdim. Uzaq yol gedib-gəlmək onları yorur. Artıq komandada zədələr çoxalıb. Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Son oyunları yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur.
Düzdür, növbəti oyunumuz da burada “Qəbələ”yə qarşı olacaq. Amma həmin matça kimi, beş gün burada qalmaq üçün böyük vəsait lazımdır. Ona görə də geri qayıtmağa məcburuq”.
Tərlan Əhmədov komandanı Premyer Liqada saxlamağa nail olduğu halda, klub rəhbərliyinin ona niyə müqavilə təklif etmədiyi barədə suala da cavab verib:
“Bu sualı rəhbərliyə versəniz, daha yaxşı olar. Yazırlar ki, guya kimlərəsə yalvarmışam ki, mənə hansısa komandada iş versinlər. Bu günə kimi heç kimə ağız açmamışam. Rəhbərlik istəsə, işimizə davam edəcəyik. “Kəpəz”i sevən insanlar mənə deyirlər ki, buradan getmə. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm. İşimizə ictimaiyyət qiymət verə bilər. Sadəcə, onu deyə bilərm ki, qarşımıza qoyulan məqsədə çatdıq.
AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun.
Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım. Təhdidlər də var. Heç vaxt bunları açıqlayası deyiləm. Həyatım boyu heç vaxt qorxmamışam. Yenə bu hadisələr olsa, işimə davam edəcəm. Əksinə, bu cür hallar məni motivasiya edir.
Digər klublardan heç bir təklif almamışam, heç kim əlaqə saxlamayıb. Mən özüm də heç kimə ağız açmamışam. Bir zəng belə olmayıb”.