“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın sonuncu – 36-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan matçdan sonra onun “Qəbələ”dəki həmkarı Elmar Baxşıyev də jurnalistlərlə fikirlərini bölüşüb.
Hər iki mütəxəssisin oyunla bağlı açıqlamalarını təqdim edirik:
Tərlan Əhmədov: “Sonuncu oyun idi. Fikirləşirdim ki, komanda bu oyunda süni oyun nümayiş etdirə bilər. Amma futbolçulara təşəkkür edirəm. Son oyunu yaxşı əhval-ruhiyyədə başa vurduq. Çempionatı bitirdik. Bəlkə də bu bir xalın önəmli olmasa da, hər halda gələcəyə tramplindir. Gördüyümüz işin nəticəsində komanda bir xal qazandı. Məğlub durumda olmağımıza baxmayaraq, qol vurub, hesabı bərabərləşdirdik.
Bu ağır vəziyyətdə komandanı Premyer Liqada saxlamaqda əməyi olan bütün şəxslərə təşəkkür edirəm. Bizə dəstək olan bütün fanatlarımıza təşəkkür edirəm. Hər zaman bizə dəstək oldular. Motivasiya verdilər, çalışdıqları qədər və bu gün də nəticəsini gördük. Qarşımıza qoyulan məqsəd elitada qalmaq idi. Biz də bunun öhdəsindən artıq gəlmişik.
Fevral ayında Tovuzda demişdim ki, komadanı Premyer Liqada saxlayıb, gedəcəyəm. O gündən bəri nə qədər təzyiqlərə dözdüm. Amma Gəncə camaatının çox hissəsi burada qalmağımı istəyir. Fikirləşirəm ki, bu yoldan çəkilən deyiləm. Çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Razılaşa bilsək, burada qalacağam. “Kəpəz”in növbəti mövsümdə mükafatçılar sırasında olmasına çalışacağam. Bir həftə əvvəl İlqar Nadiri ilə görüşdük, söhbət etdik. Bayramdan sonra yenidən bütün məsələləri müzakirə edəcəyik. Büdcə mənim üçün maraqlı deyil. Bura gələndə də büdcəni bilirdim. Mənim məqsədim komanda formalaşdırmaqdır. Bəli, mən də istəyərəm yaxşı transferlər olsun. Amma olmayandan sonra əlimizdən gələni edəcəyik. Bütün mövqelərə futbolçu lazımdır ki, rəqabət güclü olsun”.
“Bu komandanın daha güclü olmasını istəyirəm”
Elmar Baxşıyev: “Komandamı təbrik edirəm. İlk oyundan son tura qədər öz iddiasından əl çəkmədi. Enişli dövrümüz də oldu. Amma inanırdıq ki, sonadək mübarizə aparacağıq. Düşünürəm ki, vəsiqəni layiqli qazandıq. Heç kəs səhvdən sığortalanmayıb. Biz də səhv edirik, bu üzdən dəfələrlə uduzduğumuz oyunlar olub. Həm rəhbərlik, həm biz, həm futbolçularda inam var idi ki, hədəfə çatacağıq.
Bu matçda vəsiqə şansını itirsəydik də, komandamız iddiasından kubokda da əl çəkməyəcəkdi. Biz öz oyunumuzu düşünürdük və buna köklənmişdik.
Futbolçuları da başa düşmək lazımdır. Həm stress, həm yükləmə baxımından onladan kreativliyi gözləmək olmaz. Komanda sonadək xarakterindən dönmədi. Qazandığımız hər xal önəmli idi. Qış fasiləsindən sonra çoxlu geridönüş etdik. Bu da xarakterin olduğunu göstərir.
Sevindiricidir ki, ardıcıl iki mövsümdür hədəfə çatırıq. Bu komandanın daha güclü olmasını istəyirəm. Rəhbərliklə görüşdə daha da inkişaf etmək məsələsini qaldıracağıq. İstəyirəm ki, finalda da iddiadan əl çəkməyək və dominant futbol oynayaq”.