“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Hamımız üçün maraqlı, sürətli oyun oldu. Biz həm də rəqib tərəfdən əks-hücumlar izlədik. Həm qalib, həm də məğlub ola bilərdik. Son oyunlara baxanda komanda bu gün daha istəkli, daha hərəkətli idi. Topa daha çox nəzarət etməyə çalışırdıq. Səfərdə çox vacib xal qazandıq. Zirədə oynamaq bizə görə həddindən artıq çətin idi. Rəqib dördüncü yer uğrunda mübarizə aparır. Futbolçularıma mübarizəyə görə minnətdaram. İkinci hissədə rəqibin təzyiqi var idi. Bu da təbiidir. Çünki evdə oynayırdı. Final fitinə qədər nizam-intizamlı oynayaraq bir xalımızı qazandıq. Fanatlarımız üçün də hər halda zövqverici oyun oldu. Uzun məsafə qət edib gəlirlər. Onları sevindirdiksə, bu, bizi xoşbəxt edir”.
Tərlan Əhmədov daha öncə açıqladığı kimi, mövsümün sonunda “Kəpəz”i tərk edəcəyini bir daha vurğulayıb:
“Mən komandanın baş məşqçisi təyin olunanda məqsədim klubu Premyer Liqada saxlamaq idi. Qış fasiləsindən sonra isə demişdim ki, gedəcəm. Sizə kim deyib ki, mən getməyəcəyəm? Hər halda, gizli proseslər də var. Mən sözümün arxasındayam. Yəni, gedəcəyimi demişəmsə, gedəcəyəm. Görünən tərəflər də var, görünməyən tərəflər də. Hansı gərginlikdə olmağımızı bir biz bilirik, bir də bizləri xəlq edən. Millidə çalışmaq hamı üçün böyük şərəf olar. Buradan getdikdən sonra təkliflərin gəlib-gəlməyəcəyi bilinmir. Millidən təklif gələrsə, həmin yükün altına girməyə hazır olaram”.