Tacəddin Doğan göndərildi – “Qarabağ” Aftandil Hacıyevlə anlaşdı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, klubun akademiyasının koordinatoru Tacəddin Doğan ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, türkiyəli mütəxəssisin “Qarabağ”la müqaviləsinin müddəti başa çatıb. Doğanla sözləşməni uzatmayan Ağdam təmsilçisi ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi. O, Ağdam təmsilçisində uşaq futboluna əsas cavabdeh şəxs idi. Amma onun dövründə də “Qarabağ”da uşaq futbolunun inkişafı istiqamətində ciddi fərqlər olmadığı üçün, klub Doğanı saxlamaqda maraqlı olmayıb.

Sonda onu da bildirək ki, “Qarabağ”ın futbol akademiyasına bundan sonra Aftandil Hacıyevin rəhbərlik etməsi gözlənilir. Onun bu posta təyinatı tezliklə açıqlanmalıdır. “Səbail”in sabiq baş məşqçisi paytaxt klubundan ayrılandan bəri işsizdir.