Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatının altıncı günündə daha iki dəst medal sahibini tapacaq.
Arena.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.
74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilli Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Xatırladaq ki, Azərbaycan yığmasının üzvlərindən indiyə qədər mübarizəyə qoşulanların heç biri medal qazana bilməyib. Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq) və Taleh Süleymanov (87 kq) uğursuzluğa düçar olublar. Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medalsız qalıblar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu iştirak edir. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonuncu yarış günündə – iyunun 4-də isə millimizin son iki üzvü – Həmidrza Bədriəliabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) qüvvəsini sınayacaqlar.