Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatının beşinci günündə daha 2 dəst medal sahibini tapacaq.
Arena.az xəbər verir ki, iyunun 2-də kişi taekvondoçular arasında 54 kq, qadınlar arasında 46 kq-da mübarizə baş tutacaq.
Bu çəkilər üzrə mübarizə aparacaq Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub. 21 yaşadək taekvondoçular arasında Avropa çempionu Səyyad Dadaşov (54 kq) mundiala 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistan) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini sınağa çəkəcək.
Minayə Əkbərova (46 kq) da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Ruka Okamoto (Yaponiya) – Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan yığmasının üzvlərindən indiyə qədər mübarizəyə qoşulanların heç biri medal qazana bilməyib. Kişilərin yarışında Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xanoğlan Kərimov (63 kq) uğursuzluğa düçar olub. Qadınların yarışında isə Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonrakı günlərdə millimizin digər üzvləri Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.