Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatının dördüncü günündə daha 2 dəst medal sahibini tapacaq.
Arena.az xəbər verir ki, iyunun 1-də kişi taekvondoçular arasında 63 kq, qadınlarda isə +73 kq çəki dərəcəsində mübarizə baş tutacaq.
Bu gün sözügedən çəki dərəcələri üzrə püşkatma mərasimi olub. Püşkə əsasən Azərbaycan millisinin bir üzvünün də ilk rəqibləri müəyyənləşib.
63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.
Xatırladaq ki, Azərbaycan yığmasının üzvlərindən indiyə qədər mübarizəyə qoşulanların heç biri medal qazana bilməyib. Kişilərin yarışında Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq), Əliəskər Əliyev (80 kq) və Taleh Süleymanov (87 kq) uğursuzluğa düçar olub. Qadınların yarışında isə Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonrakı günlərdə millimizin digər üzvləri Səyyad Dadaşov (54 kq), Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.