Taekvondo: Millimizin son 2 üzvünün Bakıdakı DÇ-də rəqibi bilindi

Sabah Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatının sonuncu – yeddinci günündə daha 2 dəst medal sahibini tapacaq.

Arena.az xəbər verir ki, bu gün mundialın son günü üçün püşkatma keçirilib.

İyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub.

Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) – Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) – Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.

Xatırladaq ki, Azərbaycan yığmasının üzvlərindən indiyə qədər mübarizəyə qoşulanların heç biri medal qazana bilməyib. Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq) və Taleh Süleymanov (87 kq) uğursuzluğa düçar olublar. Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) medalsız qalıblar.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. 16 çəki dərəcəsində dünya çempionu olan idmançılar aktivinə 140 reytinq xalı əlavə edirlər.