Taekvondo üzrə Azərbaycan millisi Belçikadan 3 medalla qayıdır

Martın 18-19-da Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri G2 kateqoriyalı yarışı 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Belə ki, yığmamızın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (hər ikisi 53 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, Azərbaycan millisi bu yarışda həm qadınların, həm də kişilərin yarışında təmsil olunub. Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanmışdı. Lommeldə dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” çıxıb:

Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq)
Qaşım Maqomedov (58 kq)
Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq)
Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq)
Eltac Qafarov (74 kq)
Əliəskər Əliyev (80 kq)
Taleh Süleymanov (87 kq)
Həmidreza Bədriəliabadi (+87 kq)

Qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoin isə Belçikada 6 idmançını yoxlayıblar: Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (hər ikisi 53 kq) və Fatimə Məcidova (62 kq).

Çempionatda Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev və beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ədalət təmsilçiləri sırasında yer alıblar.

Milli komanda sabah – martın 20-də Bakıya qayıdacaq.